Litva Universitetlərində Təhsil

Litvada Universitetlərində Təhsil

Litvada Universitetlərində Təhsil. Bənzərsiz mədəniyyətə sahib, mehriban, qonaqpərvər, ənənələrə sadiq, eyni zamanda yeniliklərə açıq olan Litva, beynəlxalq təhsil üçün dünyanın ən cəlbedici ölkələrindən biridir. 

Avropa Birliyinin ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə malik olan bu Baltik ölkəsi, yaşayış xərclərinin əlverişliliyi ilə də digər Avropa ölkələrindən fərqlənir. Bununla yanaşı, ingilis dilində təhsil imkanları, 300-dən çox müxtəlif təhsil proqramı və 20-dən artıq universitet v tətbiqi elmlər müəssisələri ilə xarici tələbələr arasında getdikcə daha çox maraq doğurur. 

Buradakı ali təhsil müəssisələri dünyanın müxtəlif ölkələrindən gələn tələbələrin şəxsi bacarıqlarını peşəkar səviyyəyə çatdırmaq, istedadlarını üzə çıxarmaq, arzularını reallaşdırmaq və gələcəklərini qurmaq üçün yüksək keyfiyyətli təhsil mühiti yaradır. 

1579-cu ildə əsası qoyulan və Şərqi və Qərbi Avropanın ən qədim universitetlərindən biri olan Vilnüs Universiteti məhz burada yerləşir. Bu isə ölkənin qədim ali təhsil ənənələrinə malik olduğunu göstərir. Eyni zamanda, müasir infrastruktura tam uyğun şəkildə qurulmuş təhsil sistemi, ən son texnologiyalarla təchiz olunmuş elmi laboratoriyalar, biznes və elm mərkəzləri, həmçinin incəsənət inkişafı üçün yaradılmış məkanlar tələbələrə mükəmməl akademik mühit təqdim edir. 

Hazırda ən azı 150 müxtəlif ölkədən olan tələbə məhz bu ölkədə təhsil alır. Son sorğulara əsasən, xarici tələbələrin 94%-i təhsil üçün məhz buranı tövsiyə edir. 

Litva Universitetlərində Ali Təhsil Sistemi

Bu Avropa ölkəsində ali təhsil müəssisələri iki tipə bölünür: universitetlər və kolleclər.

Təhsil proqramları 3 pillədə həyata keçirilir:

  • Bakalavr səviyyəsi – universitetlərdə akademik bakalavr proqramları, kolleclərdə isə peşəkar bakalavr proqramları;
  • Magistratura
  • Doktorantura

Tələbələr təhsili ənənəvi və ya qiyabi formada davam etdirə bilər. 

Kolleclər daha çox praktik və peşə yönümlü təhsilə üstünlük verir. Ənənəvi proqramlar əsasən 3 il, qiyabi proqramlar isə 4 il davam edir. 3 illik proqramlarda istehsalat təcrübəsi (staj) maksimum 1 il nəzərdə tutulur. Təhsili başa vuran tələbələrə bakalavr diplomu təqdim olunur. Bundan əlavə, məzunlar əlavə təhsil proqramları ilə magistratura səviyyəsində təhsillərini davam etdirə bilərlər ( təhsil müddəti hər ali təhsil müəssisəsi tərəfindən ayrıca müəyyən edilir). Kollec təhsili dövlət və özəl olmaqla 2 yerə bölünür. 

Universitetlər isə daha geniş elmi-akademik hazırlıq, nəzəri bilik və yüksək səviyyəli peşəkar mükəmməllik təmin edir. Elmi fəaliyyətə yönəlmiş tələbələr isə magistratura səviyyəsindən sonra dokrorantura mərhələsinə davam edə bilərlər. ( təhsil müddəti 4 ildir)

Əgər Şimali Avropa ölkəsində hər hansısa bir ali təhsil müəssisəsində bakalavr proqramına qəbul olmaq istəyirsinizsə, doğma ölkənizdə təhsil aldığınız məktəb və ya orta ixtisas təhsil müəssisəsi tərəfindən verilmiş diplom və ya bitirməyə dair arayış, sertifkat təqdim etməyiniz tələb olunur.

Magistratura proqramlarına müraciət etmək üçün isə əvvəlki təhsil müəssisənizdən bakalavr diplomu və ya arayış təqdim etməlisiniz.

Doktorantura proqramlarına müraciət edən namizədlərdən isə magistr dərəcələrini bitirdiyinə dair diplom tələb edilir. 

 

Litva
Trakai, Litva

 Litvanın bəzi top universitetləri

Litva Universitetlərinə Qəbul Prosesi 

Baltikyanı regionda tədris bir çox universitetlərdə olduğu kimi sentyabr ayında başlayır. Buna görə də müraciətlər üçün son tarix adətən iyun ayında olur. Lakin beynəlxalq tələbələrə, sənədlərin vaxtında hazırlanması və tədris ilə bağlı bütün detalların dəqiqləşməsi üçün müraciətlərini mümkün qədər tez göndərilməsi tövsiyə edilir. 

Bu universitetlərə qəbul prosesi aşağıdakı addımları əhatə edir:

  • Tələbələrə ilk növbədə öz bilik və hazırlıq səviyyələrini nəzərə alaraq, onlara uyğun bakalavr proqramını seçməlidirlər. Qeyd etmək lazımdır ki, öz doğma ölkənizdə aldığınız təhsil Litva Respublikası tərəfindən tanınmalıdır. Məktəbdən və ya universitetdən aldığınız diplom\sənədlər ölkənin Ali Təhsilin Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzi tərəfindən yoxlanılır və tanınır. 
  • Sənədləriniz təsdiq olunduqdan sonra seçdiyiniz universitetin qaydalarına əsasən müraciət forması doldurmalı və tələb edilən sənədləri təqdim etməlisiniz. Qəbul müraciətləri əsasən onlayn şəkildə həyata keçirilir. Bu isə həm daha sürətli, həm də daha rahatdır, çünki qeydiyyat üçün universitetə getməyə şəxsən ehtiyac qalmır. Qəbul şərtləri və digər bütün məlumatlara isə universitetlərin rəsmi internet səhifələrindən daxil olmaq mümkündür. 

Qəbul Şərtləri – Litvada Universitetlərində Təhsil 

Xarici vətəndaşlar (o cümlədən Aİ-yə üzv olmayan ölkələrdən olan tələbələr) ingilis dili biliklərinə malik olduqları halda doktorantura təhsili üçün dövlət təqaüdünə müraciət etmək hüququna sahibdirlər. 

Litvada Təhsil Haqları

Buradakı təhsil haqları seçilən ixtisasa və proqramın səviyyəsinə görə dəyişir. Orta hesabla isə:

  • Bakalavr proqramları – illik 1000 – 5000 euro
  • Magistratura proqramları – illik 2000 – 6500 euro
  • Doktorantura proqramları – illik 7000 – 8500 euro təşkil edir.

Aparılan sorğulara görə, sözügedən Avropa ölkəsində təhsil alan hər 4 tələbədən 3-ü bu qənaətə gəlir ki, buradakı ali təhsil digər ölkələrlə müqayisədə həm daha münasib qiymətlidir, həm də təhsil keyfiyyəti yüksəkdir və tələbələr üçün geniş təqaüd imkanları mövcuddur. 

Litva Universitetlərində Təqaüdlər

Burada təhsil alacaq olan tələbələr üçün bir neçə təqaüd növü mövcuddur:

  • Ali təhsil müəssisələrinin təqdim etdiyi təqaüdlər,
  • Beynəlxalq təqaüd proqramları,
  • Dövlət tərəfindən maliyyələşdirilən müxtəlif təqaüdlər. 

Bununla yanaşı, akademik göstəriciləri yüksək olan tələbələr ali məktəblərin xüsusi təqaüd fondları və digər maliyyə dəstəyindən yararlana bilərlər. 

Təqaüd imkanları barədə daha ətraflı məlumatı www.scholarships.lt saytından əldə edə bilərsiniz. 

Litvada Təcrübə, Karyera İnkişafı və İmkanlar

Buradakı ali təhsil müəssisələri tələbələrə yalnız nəzəri bilik deyil, həm də peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyeralarında daha rahat iş tapmaq üçün müxtəlif staj proqramları təklif edir. Bundan əlavə, tələbələr Avropa Birliyinin Erasmus+ staj proqramlarından yararlanaraq beynəlxalq iş təcrübəsi qazana bilərlər.

Bir çox universitetdə fəaliyyət göstərən karyera mərkəzləri tələbələrə iş və staj imkanları tapmaqda, karyera planlamasında dəstək olur. Qanunvericiliyə əsasən, bakalavr tələbələri ikinci ildən etibarən həftədə 20 saat işləyə bilərlər. Bu da tələbələrə həm əlavə gəlir, həm də real iş təcrübəsi qazandırır. Ölkədəki yerli və beynəlxalq şirkətlər xarici tələbələrin bilik və bacarıqlarını yüksək qiymətləndirərək onları işə qəbul edirlər. 

Tələbələr eyni zamanda elmi ideyaların gerçəkləşdirildiyi innovativ elm və iş mərkəzlərində də fəaliyyət göstərə bilirlər. 

Sonda isə qeyd etmək lazımdır ki, tarixi və innovativ xüsusiyyətləri ilə seçilən bu ölkə bu gün gənc və iddialı tələbələr, investorlar üçün ən cəlbedici yerlərdən biridir. Burada yaradılmış startup (gənc sahibkarlıq) proqramları yeni ideyaların reallaşdırılması üçün əlverişli şərait yaradır və ildən ilə daha da böyük əhəmiyyət qazanır. 




Litva Universitetlərində Təhsil